Qəhrəmanlıq zirvəsinə ucalan şəhid mayor Rasim Məmmədovun xatirəsi anılıb

Babək rayonunun Cəhri qəsəbəsində 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan mayor Məmmədov Rasim Əbdül oğlunun anım günü ilə əlaqədar məzarı başında xatirə tədbiri keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov  şəhidlərimizin qəhrəmanlığından danışaraq bildirib:
“Şəhidlərimiz Vətən uğrunda canlarını fəda edərək ən uca zirvəyə yüksəliblər. Onların göstərdiyi igidlik və şücaət hər zaman xalqımız üçün qürur mənbəyi olacaq. Bu gün biz onların xatirəsini anmaqla yanaşı, həm də gələcək nəsillərə vətənpərvərlik nümunəsi ötürürük.”

Digər çıxış edənlər də şəhid mayor Rasim Məmmədovun döyüş yolundan bəhs edərək onun göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıblar.

Qeyd edək ki, şəhid mayor Məmmədov Rasim Əbdül oğlu 1977-ci il mayın 20-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. 1983-cü ildə Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuş, 2000-ci ildə həmin məktəbi tank qoşunları üzrə ixtisasla bitirmişdir.

Xidmət dövründə “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medalları, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi” yubiley medalları ilə təltif olunmuşdur.

Mayor Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli rayonu istiqamətində Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 5 aprel 2016-cı ildə doğulduğu Cəhri qəsəbə qəbiristanlığında torpağa tapşırılmışdır.

Tədbirin sonunda şəhidin əziz xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.