
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı , Vətən uğrunda qəhrəmancasına şəhid olmuş Şükür Bayram oğlu Hacıyevin ailəsi ziyarət olunub.
Ziyarət zamanı şəhidin ailə üzvləri ilə söhbət aparılıb, onların qayğıları ilə maraqlanılıb. Qeyd olunub ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir şəhidin xatirəsi daim əziz tutulur, onların ailələrinə dövlət səviyyəsində xüsusi diqqət göstərilir.
Şəhid Leytenant Hacıyev Şükür Bayram oğlu 25 avqust 1999-cu ildə Babək qəsəbəsində anadan olmuşdur. Ailədə iki qardaşdan biri olan Şükür Hacıyev 2005–2013-cü illərdə Babək qəsəbə tam orta məktəbində, 2013–2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır.
Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərən Şükür Hacıyev 2020-ci il oktyabrın 6-da Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.