Şəhid Mayis Məhərrəmovun doğum günü anıldı

Babək rayonunda şəhid Mayis Məhərrəmovun doğum günü münasibətilə anım tədbiri keçirildi. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, digər məsul şəxslər, şəhidin ailə üzvləri, qazilər, hərbi qulluqçular, dini icma nümayəndələri və ictimaiyyət iştirak etdi.

Anım mərasimi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Mayis Məhərrəmov 14 iyul 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. 2000-2002-ci illərdə həqiqi hərbi xidmət keçmiş, 2002-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. 2023-cü ilin 19 sentyabrında Xocavənd rayonunun Çartar kəndində keçirilən antiterror əməliyyatı zamanı şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. O, Fuad adlı oğlu və Funda adlı qızı ilə yad edilir.

Tədbirdə şəhidin qəhrəmanlığı, vətənpərvərliyi və hərbi xidməti xatırlandı. Allah şəhidlərimizə rəhmət eləsin.