Babək rayonunun Şıxmahmud kəndində Vətən uğrunda canından keçmiş igid zabitimiz Məmmədov Toğrul Səyyad oğlunun anım mərasimi keçirildi.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, icra nümayəndələri, şəhidin ailə üzvləri, Vətən müharibəsi qaziləri, hərbi qulluqçular, şəhid ailələri, Dini Qurumlarla İş üzrə nümayəndələr, Şıxmahmud kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Toğrul Məmmədov hərb sənətini seçmiş, bu yolda qürurla irəliləmiş, Vətən qarşısında borcunu canı bahasına ödəyərək şəhidlik zirvəsinə ucalmış bir qəhrəmandır. O, 2016-cı ilin iyul ayında düşmənin Ağdam istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olmuşdur.
Çıxış edənlər – Babək RİH başçısı Ovni Muradov, şəhidin valideynləri, qazilər, döyüş yoldaşları və kənd ziyalıları Toğrulun həyat yolu, hərbi xidməti və vətənpərvərliyindən danışdılar. Bildirildi ki, o, qısa, lakin ləyaqətli bir ömür yaşayıb və bu torpağın əbədi yaddaşına çevrilib.
Məktəb şagirdləri tərəfindən səsləndirilən bədii nümunələr, Qurani-Kərimin tilavəti və şəhidlərimiz üçün oxunan dualar mərasimə xüsusi mənəvi dəyər qatdı.Toğrulun xatirəsi bizim üçün təkcə bir yaddaş deyil – bu, bir öyüd, bir nümunədir.
Şəhidlər unudulmur – onların ruhu bizimlədir.