15 sentyabr – Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə Babək rayonunun Sirab kənd tam orta məktəbində tədbir təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda isə dövlət himni səsləndirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı, Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edən rayon rəhbəri Ovni Muradov bildirib ki, hər yeni dərs ili gənc nəslin elm, bilik və tərbiyə yolunda yeni başlanğıclar deməkdir. O, xalqımızın şanlı səhifəsi olan Zəfər tariximizin əhəmiyyətini vurğulayaraq, bu ilin 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü ilə yadda qaldığını diqqətə çatdırıb.
Rayon rəhbəri həmçinin Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğundakı tarixi xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərdən danışıb. O, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb.
Daha sonra Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə çıxış edərək təhsil sahəsində görülən işlərdən bəhs edib və yeni dərs ilinin bütün təhsil ictimaiyyəti üçün uğurlu olmasını diləyib.