10 May 2025, Şənbə

“Əsrin Müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Ulu Öndər  Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

     Tədbiri giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötdüyünü qeyd etmişdir. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı.

     Rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışının sonunda qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk.

     Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun, Psixologiya elmləri üzrə fəlsəfə doktoru Çapay Quliyevin, Tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərovun mövzu ətrafında çıxışları dinlənilmişdir.

     Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.