Dövlət Suverenliyi Günü və 27 Sentyabr – Anım Günü ərəfəsində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələri ziyarət olunub.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidi, leytenant Şəhriyar Müzəffər oğlu Məmmədovun Kalbaoruc Dizə kəndində yaşayan ailəsini, Şahbuz rayonunun şəhidi İman Tarverdi oğlu Alməmmədovun Vayxır kəndində yaşayan ailəsini, həmçinin şəhid leytenant Ümüd Oruc oğlu Niftəliyevin ailəsini ziyarət ediblər.
Görüşlər zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən qarşısındakı xidmətlərindən, keçdikləri şərəfli döyüş yolundan və göstərdikləri qəhrəmanlıqdan danışılıb. Şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənilib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edilib. Vurğulanıb ki, bu tarixi Zəfərin qazanılmasında şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və fədakarlıq xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Bildirilib ki, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılması, onların keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Şəhid ailələrinin qayğılarının diqqətdə saxlanılması və onlara həssas münasibət göstərilməsi daim önəm daşıyır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya, övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsinə görə minnətdarlıqlarını bildiriblər.