Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 35-ci ili tamam olur.

     “Ümumxalq Hüzn Günü” ilə bağlı Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun hüquq-mühafizə orqanları, idarə, təşkilatları və şəhid ailələri ilə birlikdə Babək şəhərində yerləşən Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunaraq şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, gül dəstələri düzülüb.

     Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, bu eyni zamanda xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin şərəfli bir səhifəsidir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

     Qeyd olunub ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi, Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.