5 İyun 2025, Cümə axşamı

Yeni Azərbaycan Partiyası Babək rayon Təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının 32 illik uğur yolu” adlı tədbir keçirilib.

   Öncə Ulu Öndər Heydər Əliyevin Babək rayonunun mərkəzində yerləşən abidəsi önünə gül dəstəsi qoyulmuş, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunmuşdur.

   Sonra tədbir Yeni Azərbaycan Partiyası Babək rayon Təşkilatının inzibati binasında davam edib. Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov “Heydər Əliyevin siyasi irsi ilə formalaşan Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edib. Qeyd olunub ki, bu əlamətdar tarixi hadisə ölkəmizin hər yerində olduğu kimi, Ulu Öndərin dogma yurdunda da möhtəşəm zəfərin təzahürü fonunda yüksək təntənə ilə qeyd olunur. Sonra Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Emin Məmmədxanlı çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan siyasi təşkilat nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilib.

   Digər çıxış edənlər YAP-ın 32 ildə keçdiyi çətin və şərəfli mübarizə tarixindən, Azərbaycanın böyük uğurlarının flaqmanı olaraq qazanılan nailiyyətlərdən, bütün seçkilərdə qələbələrə imza ataraq alternativsiz siyasi quruma çevrilməsindən söhbət açıb.
 
   Daha sonra Babək rayonunun ictimai-siyasi həyatında, partiya tapşırıqlarının yerinə yetirilməsində fəallığı ilə fərqlənən partiya fəallarının bir qrupuna YAP Babək rayon Təşkilatının təşəkkürnamələri təqdim olunub.

   Sonda Yeni Azərbaycan Partiyasına həsr olunmuş film nümayişi olub.