Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının XIII konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın ötən dövr ərzində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edib, ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirib. YAP Babək rayon təşkilatının da qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyət göstərdiyi qeyd olunub.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionda yeni siyasi reallıqlar yaradıb. İcra başçısı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və Azərbaycanın inkişafında mühüm rol oynadığını vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, qalib Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin nəticəsidir.

YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı aparıcı mövqeyindən danışıb. Partiyanın geniş sosial bazaya, güclü təşkilati struktura və vahid məqsəd ətrafında birləşən üzvlərə malik olduğunu diqqətə çatdırıb.

Babək Rayon Təhsil Şöbəsinin müdiri, YAP Babək rayon təşkilatı Təhsil şöbəsi ərazi partiya təşkilatının sədri Sahil Əlizadə və partiyanın gənc üzvü Şəhla Tarverdiyeva çıxışlarında gənclərin ictimai-siyasi həyatda fəal iştirakının və onların təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Konfransda YAP Babək rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib, həmçinin Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.