
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli birlik, qəhrəmanlıq və dövlətçilik iradəsinin təcəssümüdür.
1988-ci ildən başlayan Qarabağ hadisələri və sonrakı işğal dövrü xalqımıza ağır itkilər yaşadıb. Bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə ciddi ziyan vurulub.
İşğal altında olan torpaqlarımızın azad edilməsi dövlət siyasətinin əsas strateji hədəflərindən biri olub. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu, hərbi sənaye kompleksinin inkişafı, iqtisadi potensialın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib. Noyabrın 8-də Şuşanın azad olunması tarixi Qələbəmizin həlledici mərhələlərindən biri olub. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırılıb.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr – Zəfər Günü təsis edilib. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və xalqımızın sarsılmaz birliyi hesabına qazanılıb.
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaldıb.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış prosesi həyata keçirilir. 2026-cı il oktyabrın 23-dək 10 114 ailədən ibarət 40 922 nəfərin doğma yurdlarına qayıdışı təmin edilib.
Zəfərdən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək, onların məşğulluğunun təmin edilməsi, mənzil və avtomobillərlə təminat, reabilitasiya xidmətləri istiqamətində də mühüm tədbirlər görülür.
8 Noyabr xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı tarixdir. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Zəfərimiz əbədi olsun!