10 may 2023-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Babək rayonunda tədbir keçirilmişdir.

       

      Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndər Heydər Əliyevin Babək rayonunda ucaldılmış abidəsi Babək rayon ictimaiyyəti və dövlət rəsmiləri  tərəfindən ziyarət olunmuş, abidənin önünə əklil, gül dəstələri qoyulmuş, Babək Rayon Mədəniyyət Sarayında Ulu öndər Heydər Əliyevin Babək rayonuna səfərlərini əks etdirən foto-sərgiyə baxış olmuş, daha sonra mədəniyyət sarayında təntənəli yığıncaq keçirilmişdir.

 

 

 

 

     Keçirilən tədbirdə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

 

     

       Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək qeyd etmişdir ki, 1923-cü il mayın 10-da qədim Naxçıvan diyarında dünyaya göz açan, gəncliyindən öz dərin zəkası və fitri istedadı ilə seçilən, sovet dövlət təhlükəsizlik orqanlarında çalışmaqla siyasi yetkinlik qazanan, dövlət idarəçiliyi sirlərinə yiyələnən, bu il anadan olmasının 100 illik yubileyini təntənəli, dövlət səviyyəsində qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

       Ulu öndər Heydər Əliyev yeganə dünya şöhrətli siyasi xadimdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə – 1969-1987, 1990-1993 və 1993-2003-cü illərdə böyük qətiyyətlə mübarizə apararaq möhtəşəm siyasi uğurlara imza atmış, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etmişdir. Həmçinin Azərbaycanın müstəqillik yolu 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referenduma “Yox!” deməklə məhz Naxçıvandan başlanmışdır. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xalqımızın milli tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bu dövrü belə qiymətləndirmişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

      Müdrik rəhbərin özü də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi həmin illəri çox yüksək səviyyədə qiymətləndirmişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

        Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışının sonunda Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın xilaskar oğlu, uzaqgörən və fenomenal siyasətçi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, Babək rayon ictimaiyyətini, qəlbi Azərbaycan eşqi ilə döyünən hər bir insanı  təbrik etmiş, ulu öndərin ölməz, parlaq ideyalarının həyata keçirilməsi yolunda uğurlar arzulamış və dahi şəxsiyyətin fikirləri ilə tamamlamışdır: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

    Keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Professor, Tarix elmlər doktoru Fəxrəddin Səfərli, Ulu Öndər Heydər Əliyevlə görüşlərin iştirakçısı olmuş Nehrəm qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev və Babək şəhər sakini Ənvər Hüseynov, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev çıxış etmişlər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışılmış, hakimiyyətdə olduğu dövürlərdə Azərbaycanın inkişafı üçün etdiyi xidmətlərdən və Babək rayonunda keçirdiyi görüşlərdən və tədbirdən söhbət açılmışdır.

 


       

       Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.