Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Babək rayonunda şənlik keçirilib.

     Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz ümumxalq bayramı kimi hər il Babək rayonunda müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz məşəqqətli günlərə, sıxıntılı həyata son qoyaraq, tükənən gücləri bərpa edərək, insanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verir, qəlblərini ümid və inamla doldurur. İnsanlar canlanmaqda olan təbiətdən ilham alır, onların qurub-yaratmaq həvəsləri daha da artır. 

     Babək şəhərinin mərkəzi meydanında keçirilən ümumxalq şənliyində Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov iştirak etmişdir. Tədbirdə həmçinin, Babək rayonunun rəsmiləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Aparıcılar babəkliləri Novruz bayramı münasibətilə təbrik edərək qeyd edbilər ki, Novruz bayramı ulu əcdadlarımızın bizə miras qoyduğu ən gözəl yadigardır. Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının milli bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır, xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır”.  Rayon sakinlərinin xoş ovqatla izlədikləri şənlikdə Novruzu vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Şənlikdə Dədə Qorqud iştirakçıları təbrik etmiş, onlara əmin-amanlıq, xoş gün-güzəran, mehribanlıq, səmimiyyət arzulamış və meydanda qurulmuş Novruz tonqalını alışdırmışdır.

     Novruzun əsas qəhrəmanları olan Kosa, Keçəl və Bahar qızın maraqlı-əyləncəli çıxışları izləyicilərdə xoş ovqat yaratmış, rayon məktəblilərinin hazırladığı rəqs nümunələri alqışlarla qarşılanmışdır.