AZƏRBAYCAN TARİXİNDƏ 20 İLLİK İLHAM ƏLİYEV ZİRVƏSİ

Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, son 20 ildə Azərbaycan dövlətçilik tarixinin təməlində Ulu Öndərin başlatdığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir. 44 günlük haqq zəfərində “Qarabağ Azərbaycandır!” söyləyən Müzəffər Ali Baş Komandan ata vəsiyyətinə əməl edərək torpaqlarımıza azadlıq rəmzimiz olan üçrəngli bayrağımızı sancdı.

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin rəisi Rüstəm Rüstəmov vurğuluyub ki, Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada baş verən siyasi prosesləri dərindən təhlil etmə qabiliyyəti gələcəyimizi şərtləndirən əsas amillərdəndir.

“Şərq Qapısı” qəzetinin müxbiri Fariz Əhmədov və İdarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Əfsanə İsmayılova çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırıblar ki, Dövlət başçsının xalq qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, onun hər azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq sürətdə reallığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir.