Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı insanların təhlükəsizliyinin təminatının son illərdə kəskin hal aldığını, elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə məişətdə, sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin, texnogen qəzaların sayının xeyli artdığını diqqətə çatdırıb. Bu gün hər sahədə olduğu kimi mülki müdafiənin təmin edilməsi tədbirlərinin həyata keçirilməsi məsələsi dövlətimizin diqqətindən kənarda qalmayıb. Vurğulanıb ki, bununla bağlı bir sıra normativ hüquqi aktlar qəbul olunub, aid qurumlar tərəfindən mülki müdafiə tədbirlərinin təşkilinə dair bir sıra tədbirlər görülüb. Bügünkü tədbirin keçirilməsi də məhz bu tədbirlər silsiləsindəndir. Sonra Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi aparatının mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Məmmədov Babək rayonu ərazisində yaradılmış hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra nazirliyin Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti işinin təşkili şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Şıxəli Əliyev “Məişətdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Dəm qazı və ondan qorunmanın yolları” mövzusunda çıxış edib.
Tədbirdə həmçinin nazirlik aparatının Mülki Müdafiə işinin təşkili şöbəsinin əməkdaşları Azadə Cəfərova və Afaq Alməmmədovanın mövzu ətrafında çıxışları dinlənilib.
Tədbirdə Babək rayon idarə və müəssisələrin rəhbərləri, müvafiq komissiyanın üzvləri, rayonun müxtəlif kənd inzibati ərazi dairəsi üzrə nümayənədələri iştirak edib.