Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azadlığıyla nəticələndi. Üç minə yaxın qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Babək Rayon İcra Hakimiyyəti də şəhid adının hər zaman uca tutulmasına, ailələrinin sosial problemlərinin vaxtında həll olunmasını diqqət mərkəzində saxlayır. 27 sentyabr Anım Günü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Ovni Muradov, İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı Babək rayonundan olan şəhidlərin ailə üzvlərini yaşadıqları ünvanda ziyarət etmiş, onların problemləri ilə maraqlanmışlar. Ziyarət zamanı rayon icra hakimiyyətinin başçısı Ovni Muradov Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, bu qayğının hər yerdə olduğu kimi, Babək rayonunda da mütəmadi davam etdirildiyini vurğulamışdır. Görüşlər zaman şəhid ailələrini maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat və izahlar verilmişdir. Şəhid ailələrinə belə görüşlərin mütəmadi davam etdiriləcəyini, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı diqqətə çatdırılmış, Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir arzulanmışdır.
Şəhid ailələri onlara göstərilən təşkilati dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.