Babək Rayon Mədəniyyət Sarayında “Nehrəm şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

   Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

   Təqdimat mərasimini giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov ilk olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir” fikrini diqqətə çatdırıb. Daha sonra icra başçısı kitab haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, "Nehrəm şəhidləri" kitabı vətənpərvərlik ruhunda yazılmış əsərdir. Şəhidlərimizin şərəfli döyüş yolunu işıqlandıran bu kitabın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rola malik olduğunu diqqətə çatdıran icra başçısı Vətən müharibəsində Nehrəm şəhidlərinin və onların simasında minlərlə qəhrəman Azərbaycan əsgərinin şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Vurğulanıb ki, Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. 

   Daha sonra kitabın müəllifi Elçin İbrahimov çıxış etmiş, kitab haqqında məlumat verərək şəhidlərimizin yazdığı qəhrəmanlıq dastanını xüsusi fəxarət hissi ilə qələmə aldığını diqqətə çatdırmışdır. Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar çıxış etmiş, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların həyat tarixçəsinin xalqın qan yaddaşına köçürülməsi məramı ilə istedadlı qələm sahiblərinin oxuculara təqdim etdiyi kitabların gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı olacağını bildirmişdir. Sonra tədbir bədii hissə ilə davam etmiş, şəhidlərimizə həsr olunmuş mahnılar ifa edilmiş, şeirlər bədii qiraət olunmuşdur. Daha sonra icra başçısı və kitab müəllifi şəhid ailələrinə kitabları təqdim etmişlər. Sonda xatirə şəkli çəkilmişdir.