Bu münasibətlə Babək şəhər mərkəzi meydanda yerləşən şəhidlər abidə-memorial kompleksində tədbir keçirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, Naxçıvan MR Ali Məclisinin deputatları şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları abidə önünə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirələrini böyük ehtiramla yad ediblər. Sonra bir dəqiqəlik sükut elan olunub, dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ovni Muradov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan icra başçısı onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Tədbirdə çıxış edən şəhid anası Fatma Şükürlü Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib.
Digər çıxış edənlər də ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.