Babək Rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Babək Rayon Mədəniyyət Sarayında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və rayonun ictimai həyatında fərqlənən qadınların iştirakı ilə tədbir keçirilib. Əvvəlcə müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov tədbirdə çıxış edərək vurğulamışdır ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. İcra başçısı şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına ən xoş arzularını çatdırmışdır.

    Fəal qadınlar adından çıxış edən Zeynəddin kənd tam orta məktəbinin direktoru Raifə Əsgərova muxtar respublikada qadınların analıq vəzifəsini və borcunu şərəflə yerinə yetirdiyini, onların xalqımızın gələcəyi üçün ailə dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə etdiyini diqqətə çatdırmışdır.

   Tədbirdə şəhid anası Fatma Şükürlü çıxış etmiş, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərini çatdırmışdır.

   Sonra Babək Rayonunda müxtəlif peşə sahələrindən olan aktiv qadınlara dəyərli hədiyyələr təqdim edilmişdir.

   Sonda tədbirin bədii hissəsi baş tutmuş, Babək Rayon Mədəniyyət İdarəsinin kollektivi və Babək şəhər uşaq bağçasının balaca fidanlarının çıxışı olmuşdur.