Babək rayonunda Akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Aprelin 28-də Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Keçirilən tədbirdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə xanım Seyidova, ictimaiyyət nümayəndələri və səhiyyə işçiləri iştirak etmişlər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

         Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə xanım Seyidova, Nehrəm qəsəbə Sahə Xəstəxanası publik hüquqi şəxsin baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Niftəliyev, Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış etmişlər. Çıxışlarda  Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlərindən, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etdiyindən bəhs olunmuşdur. Tədbirdə Akademik Zərifə xanım Əliyevanın tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana, həm də  Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnək olduğu vurğulanmışdır.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, görkəmli şəxsiyyətlər və elm xadimlərinin akademik Zərifə xanım Əliyeva haqqında deyilən dəyərli fikirləri səsləndirilmişdir.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən film nümayiş etdirilmişdir.