Babək rayonunda məktəbdənkənar təhsil müəssisəsi üçün inşa olunan yeni bina kollektivin istifadəsinə verilib.

   Açılış tədbirində Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov iştirak edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məlumat verərək bildirib ki, yeni inşa olunan binada Babək rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turist Diyarşünaslıq mərkəzləri fəaliyyət göstərəcək.
   Qeyd olunub ki, Uşaq-Gənclər Yaradıcılıq mərkəzi üçün ayrılan mərtəbədə STEAM-robotexnika, qum və ebru sənəti, bədii dəri və və şüşə üzərində işləmə, memarlıq-dizayn-kompüter mühəndisliyi, bədii-qiraət-vokal, rəsm dərnəkləri üçün məşğələ otaqları, yaradıcılıq studiyası yaradılıb. Texniki Yaradıcılıq mərkəzi üçün ayrılan mərtəbədə ağac üzərində oyma-yandırma, toxuculuq-bədii tikmə dərnəkləri üçün məşğələ otağı və sərgi salonu pedaqoji kollektiv və dərnək üzvlərinin istifadəsinə verilib. Diyarşünaslıq mərkəzi üçün ayrılan mərtəbədə isə rəqs və gimnastika zalı, cihazların saxlanılması və soyunub-geyinmə otaqları yerləşir.
Elxan Nəcəfov vurğulamışdır ki, Babək Rayon Texniki Yaradıcılıq Mərkəzi üzrə 23 qrup, 13 dərnək rəhbəri, 208 dərnək üzvü, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üzrə 43 qrup, 23 dərnək rəhbəri, 356 dərnək üzvü, həmçinin Turist Diyarşünaslıq Mərkəzi üzrə 21 qrup, 14 dərnək rəhbəri, və 200 dərnək üzvünün iştirakı ilə tədris həyata keçiriləcəkdir.Məktəbdənkənar təhsil müəssisəsi ilə tanışlıq zamanı bir sıra tapşırıqlar verən Baş nazir Ceyhun Cəlilov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların dərnəklərə cəlbinə diqqət artırılmalıdır. Müəssisə öz fəaliyyət istiqamətini şagirdlərin asudə vaxtlarını keçirməklə yanaşı, onların gələcək həyatlarında peşə seçimlərinə yiyələnməsinə istiqamətləndirməlidir. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən dərnəklərimizə təbliğat gücləndirilməli, şagird cəlbinə və dərnəklərin sayının artırılmasına nail olunmalıdır, – deyən Ceyhun Cəlilov dərnəklərdə şagirdlər tərəfindən hazırlanmış yekun satış sərgisinin təşkil olunmasını məqsədəuyğun hesab edib. Baş nazir muxtar respublikaya gələn qonaqlara təqdim olunan hədiyyələr arasında şagirdlərin də əl işlərindən seçilməsinə üstünlük verilməsinin vacibliyini diqqətə çatdırıb.

   Qeyd edək ki, binalardakı otaqların hər biri təyinatı üzrə mebel dəstləri, həmçinin dərnək məşğələlərinin tədris olunması üçün lazımi avadanlıqlarla təmin olunmuşdur. Mərkəzin yerləşdiyi inzibati binada internetə çıxışı təmin edilən 14 kompüter və 3 elektron lövhə quraşdırılıb. Binanın həyətində qazanxana tikilib, yaşıllıq sahəsi yaradılıb.
Bir sözlə, istifadəyə verilmiş təhsil müəssisəsində uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirmələri, incəsənət sahəsində biliklərə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb.