Babək rayonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar təşkil olunan “Muxtariyyətin uşaqları – 100” bayram tədbiri keçirilib.

   Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

   Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirib ki, bu gün Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında uşaqlarımız dövlətin himayəsi və hərtərəfli qayğısı ilə əhatə olunublar. Ölkəmizdə bütün uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox işlər görülür, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilir, şəhid, qazi və müharibə iştirakçılarının uşaqları dövlətin qayğısı ilə əhatə olunurlar. İcra başçısı bayramlar münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.

   Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, uşaqların hərtərəfli, sağlam, intellektli, vətənpərvər və dünyagörüşlü bir şəxsiyyət kimi formalaşması dövlət uşaq siyasətinin başlıca vəzifələrindən biridir. Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. 

   Tədbirdə Babək rayonu üzrə təhsil sahəsində yüksək nəticə göstərmiş Yarımca kənd tam orta məktəbinin şagirdi Əfsanə Məmmədzadə  bildirib ki, “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” uşaqlar üçün təsis olunsa da ölkəmizdə yaşayan uşaqlar üçün hər gün bayramdır. Əfsanə Məmmədzadə qeyd edib ki, uşaqlar dövlətimizin göstərdiyi etimadı doğruldacaq, mükəmməl mütəxəssis, əsl vətəndaş kimi Vətənimizin adını həmişə yüksəklərə qaldıracaqlar.

   Çıxışların ardından 2023-2024-cü tədris ilində Babək rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara, şəhid və qazi övladlarına Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərman və hədiyyələri təqdim edilib.

   Tədbirin bədii hissəsində Babək rayonunun uşaq musiqi və tam orta məktəb şagirdlərinin, eləcə də körpələr evi-uşaq bağçalarının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət edilib, mahnı və musiqi nömrələri səsləndirilib.

   Sonda yaradıcı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.