Babək Rayonunda Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub.

   Bu münasibətlə Babək Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib. Tədbirdə rayon idarə, təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri və qazilər iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək qeyd edib ki, hər il xalqımız Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Bu il soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki 32 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı. 

  Dəyirmi masada Babək Rayon Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov çıxış edərək qeyd etdi ki Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Daha sonra Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev çıxış etmiş, Xocalı soyqırımının bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət olduğunu və bu faciənin tarixdə ermənilərin həyata keçirdikləri yeganə soyqırımı aktı olmadığını diqqətə çatdırmışdır. 

  Tədbir Babək Rayon Mədəniyyət Sarayında davam etmiş, iştirakçılar Xocalı faciəsini əks etdirən sərgi ilə tanış olmuşlar. Daha sonra faciəyə həsr olunmuş “Tarixin izi ilə” filminə baxış olmuşdur.