Güznüt kənd sakinləri ilə növbəti səyyar görüş keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Güznüt kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
 
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Güznüt inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Güznüt bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023 – 2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Çeşməbasar və Güznüt kəndlərinin ərazisində ümumilikdə 240 ha torpaq sahəsinin su təminatını və meliorativ vəziyyəti yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi və Nehrəm qəsəbəsinin ərazisində 1000 ha torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və boru xəttinin çəkilməsi və əlavə torpaq sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün yaxın vaxtlarda 3-cü yeni nasos stansiyasının tikintisinə başlanacağını qeyd edib. Başçı Prezident cənab İlham Əliyevin iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamın müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirdiyini, sərəncamın muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva etdiyini diqqətə çatdırıb.
 
Daha sonra Güznüt kənd vətəndaşlarının müraciət və problemləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq göstərişlər verilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.