Babək rayonunda bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlarla fəaliyyətin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər davam etdirilir.

     Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Babək rayonunda fəaliyyət göstərən bələdiyyə sədrlərinin iştirak etdiyi seminar-müşavirə keçirilmişdir.

     Müşavirəni giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov ölkə Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bələdiyyə üzvü və qulluqçularının iştirakı ilə geniş ağacəkmə aksiyalarının və digər ekoloji tədbirlərin təşkil olunmasının əhəmiyyətindən danışıb, bununla bağlı bələdiyyələrə müvafiq tövsiyələr verib. 

    Naxçıvan  Muxtar Respublikası  ədliyyə naziri  vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxış edərək bələdiyyələrin  fəaliyyətində qanunçuluq prinsipinə riayət olunması, bələdiyyə ərazisindəki torpaq sahəsi üzərindəki qeyri-qanuni tikililərin araşdırılması ilə bağlı qanunvericiliyin tələblərini xatırladıb.

    Sonra Nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Xəyal Eyvazov çıxış etmiş, bələdiyyələrin işində hesabatlılıq və şəffaflıq prinsiplərinin təmin edilməsi məqsədilə icra hakimiyyəti ilə birgə monitorinq qrupunun yaradılmasının önəmini vurğulamışdır. 

    Çıxış edən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Gəlirlərin proqnozu şöbəsinin baş məsləhətçisi Miryaqub Seyidov yerli büdcə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrinə toxunaraq, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasının həlli yolları barədə iştirakçılara məlumat verib. 

    Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov çıxış edərək dəqiq və tam vergi uçotunun qurulmasının başa çatdırılması, debitor borcların həlli, vergi ödəyiciləri ilə vergilərin ödənilməsinin zəruriliyi barədə izah işinin aparılmasının zəruriliyini iştirakçıların diqqətinə çatdırıb.