Yaşıllaşdırma tədbirləri davam etdirilir

Muxtar respublika ərazisində yaşıllaşdırma tədbirləri iqlim və torpaq xüsusiyyətlərinə uyğun olaraq, əsasən, yaz (mart-aprel) və payız (oktyabrnoyabr) fəsillərində aparılır. Muxtar respublikamızda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etdiyi üçün xüsusilə torpaqların münbitliyinin bərpa olunmasında yaşıllaşdırma tədbirlərinin əhəmiyyəti böyükdür. Yaşıllıqların salınması məqsədilə, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız sahələrseçilir ki, bu da ekoloji tarazlığın qorunmasına, əkinəyararlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaradır. Bu işlər Babək rayonunda da uğurla davam etdirilir. Təşkil olunan payız iməciliklərində rayonun müxtəlif yerlərində yaşıllaşdırma tədbirləri davam etdirilib. Rayon İcra Hakimiyyətindən aldığımız məlumatda deyilir ki, cari ilin payız iməciliklərində Xal-xal meşəsinin alt hissəsindəki 1 hektarlıq sahəyə 600 ədəd badam və tut tingi əkilib. Şıxmahmud kəndindən Naxçıvan şəhərinin Xətai məhəlləsinə gedən yolun sol tərəfinə isə bərpa məqsədilə 200 ting əkilib. Məlumatda o da qeyd olunur ki, ötən aylarda “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarlarına bərpa üçün 3200 meşə ağacı əkilib. Payız iməciliklərində yol kənarlarına 800 həmişəyaşıl ağac və 500 ədəd gül əkilib.

Babək rayonunun Vayxır kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində 1,5 hektar sahədə yeni meyvə bağı salınıb. Əraziyə 930 cəviz, badam, iydə, ərik və tut tingləri əkilib. Qeyd edək ki, muxtar respublikamızda yaşıllıqların artırılması və yeni meyvə bağlarının salınması istiqamətində işlər davam etdirilir. Bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin nazirliyin tabeli qurumları da yaxından iştirak edirlər. Qeyd edək ki, bu ilin payızında muxtar respublikamızda 265 hektarda yeni meyvə bağlarının, yaşıllıq zolaqlarının və meşəsalma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bunun 181 hektarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payına düşür. Vayxır kəndi ərazisində, Naxçıvançayın sağ sahilində geniş bir ərazidə yeni meyvə bağı salınması üçün torpaqhamarlama işləri görülüb, çalalar qazılıb. Ekoloqlar bu əraziyə torpaq-iqlim şəraitinə uyğun müxtəlif tinglərin əkinlərini həyata keçiriblər. Əraziyə cərgə ilə aqrotexniki qaydalarda badam, cəviz, iydə, ərik və tut tingləri əkilib. Yeni salınan meyvə bağının suvarılmasını təmin etmək məqsədilə müvafiq hazırlıq işləri də görülüb, arxlar çəkilib. Təbii ki, yaşıllıqların ümumi ərazisinin genişləndirilməsi, yeni bağların salınması ekologiyanın saflaşdırılmasına və ətraf mühitin təmizliyinə xidmət edir. Ekoloji tədbirlərin qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.