“Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib.

Bu gün Babək rayonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə “Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Babək şəhərindəki əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoymuşlar.

Daha sonra konfrans Babək Rayon Mədəniyyət Sarayında davam edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyətinin başçısı Rasim Hüseynov qədim, zəngin tarixə malik Naxçıvan diyarının Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda

mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlərindən danışıb. Muxtar Respublikanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli

sərəncamının tarixi əhəmiyyətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz ulu öndərin adı ilə bağlı olub. İcra Başçısı  1969-cu ildə

Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının həqiqi inkişaf yoluna qədəm qoyduğunu, bugünkü müstəqil dövlətimizin siyasi, iqtisadi və

mədəni potensialının məhz 1969-1982-ci illərdə yaradıldığını qeyd edib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, tarix elmləri doktoru Fəxrəddin Səfərli, Naxçıvan Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov çıxışlar etmişlər.

Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.

Konfransın sonunda bədii musiqili hissəyə baxış olub.