Naxçıvanda ilk şəhidlər abidə-memorial kompleksi Babəkdə istifadəyə verildi

Noyabrın 8-də, Zəfər Günündə Babək rayonunda şəhidlər abidə-memorial kompleksinin açılışı olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, rayon ictimaiyyətinin, şəhid ailələri və qazilərin iştirak etdiyi açılış mərasimində əvvəlcə kompleksin ərazisindəki abidə ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

Sonra kompleksin ərazisindəki “Tarix yazan qəhrəmanlar” guşəsinə baxış olub.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 8 noyabrı müasir Azərbaycan tarixinin əlamətdar günü kimi dəyərləndirib.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, tarix boyunca soydaşlarımız öz torpaqlarından didərgin salınmağa məcbur edilib. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri, 1917-ci ildə Sovet İmperiyasının qurulması ilə Qərbi Azərbaycan, Zəngəzur və İrəvan bugünkü Ermənistana hədiyyə edilib. 1988-ci ildə isə belə köç dalğasının ən böyüyünü yaşadıq. Minlərlə ailə 30 il doğma el-obasının nisgilini yaşadı.

       Fuad Nəcəfli vurğulayıb ki, Qarabağa edilən hücumların ən dəhşətlisi məhz o illərdə Naxçıvana da olmuşdu. Lakin 1990-1993-cü illərdə Naxçıvanda artıq bu prosesə son qoyuldu. Bu prosesə son qoymaq cəsarəti isə yalnız ulu öndərimiz Heydər Əliyevə məxsus idi. Şuşadan xalqına müraciət edən müzəffər Ali Baş Komandanımızın sözləri ilə desək, Heydər Əliyev Naxçıvanı işğaldan qorudu.

Sevindirici haldır ki, artıq biz bu nisgili yaşamırıq. Heydər Əliyev yolunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız çox çətin bir tarixi dövrdə xalqımıza Böyük zəfəri qazandırdı. Heç vaxt ümidini və inamını itirməyən Prezident İlham Əliyev ötən 20 ildə Azərbaycan iqtisadiyyatını daha da dirçəltdi, Odumuzu ən qüdrətli ordulardan birinə çevirdi, ən müasir silah və texnikalarla döyüş qabiliyyətini yüksəltdi. Doğrudur, digər qonşu ölkələrin orduları da müasir texnikalara malikdir. Lakin bizim Şanlı ordumuzu fərqli edən, qələbəyə ruhlandıran ən əsas amil həm də döyüşlərdə şücaət göstərən qəhrəman övladlarımızdır. Məhz onların sayəsində illərlə həsrətində olduğumuz Zəfər tarixini qeyd edirik. Bundan sonra bu zəfəri qürurla və böyük quruculuq işləri ilə qeyd edəcək, gələcək nəsillərə aşılayacağıq. Sevinirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə bu tarixi Zəfəri birgə yaşayırıq. Dünya var olduqca xalqımız bu şanlı tarixi qeyd edəcək, qürurla yaşayacaq.

Fuad Nəcəfli hər kəsi Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayıb.

Mərasimdə şəhid Elbrus Əliyevin atası Əkbər Əliyev və qazi Abbasəli Tarverdiyev çıxış edərək Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirələrinin belə gözəl ünvanda əbədiləşdirildiyinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli şəhid ailələri və qazilərlə görüşüb, onlarla səmimi söhbət edib.

Mərasim Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında marş sədaları ilə başa çatıb.

Qeyd edək ki, şəhidlər memorial-abidə kompleksi Babək şəhərinin mərkəzində 2500 kvadratmetr ərazidə salınıb. Buradakı abidənin hündürlüyü 9, yerləşdiyi ay-ulduz platformasının diametri 12 metrdir. Memorial guşədə Babək rayonundan olan 64 şəhidin fotoları və onlar haqqında məlumatlar yerləşdirilib. Kompleksin ərazisində yaşıllıq sahələri də salınıb.