Şəhid Allahyar Telmanlıya həsr olunmuş “Döyüş yolu” kitabının təqdimatı olub.

  Babək Rayon İcra Hakimiyyəti və Babək Rayon Birləşmiş Həmkarlar İttifaqının təşkilatçılığı ilə şəhid Allahyar Telmanlıya həsr olunmuş "Döyüş yolu"  kitabının təqdimatı olub.

Öncə Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

  Təqdimat mərasimini giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov ilk olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” fikrini diqqətə çatdırıb. Daha sonra icra başçısı kitab haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, "Döyüş yolu" kitabı vətənpərvərlik ruhunda yazılmış əsərdir. Allahyarın şərəfli döyüş yolunu işıqlandıran bu kitabın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rola malik olacağını diqqətə çatdıran icra başçısı Vətən müharibəsində Allahyar və onun simasında minlərlə qəhrəman Azərbaycan əsgərin şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Vurğulanıb ki, Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. 

  Daha sonra şəhidin kursant yoldaşları və müəllimləri çıxış etmiş, şəhid Allahyar Telmanlı ilə bağlı xatirələrini xatırlatmışlar. Kitabın müəllifi Tərifə Kərimova kitabla bağlı fikirlərini bölüşmüş, kitabın çap edilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirmişdir. Sonra müəllif səhnədə simvolik kitabı şəhidin anası Nuriyə Telmanlıya təqdim etmişdir. Təqdimat mərasiminin yekununda bədii hissəyə baxış olmuşdur.