“TARİX YAZAN ƏBƏDİ YAŞAR LİDER”

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində “Tarix yazan əbədi yaşar Lider” mövzusunda tədbir keçirilib.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova qeyd etdi ki, hər bir xalqın Milli Azadlıq və İstiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətlər və əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli ibrət məktəbidir. Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər birimizə örnəkdir. Müstəqillik dövründə məhs Ulu Öndərimizin gərgin səyləri, müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətlər səviyyəsinə yüksəltmişdir. 

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası İctimai Birliyi Babək Rayon Şöbəsinin sədri Vəliqulu Həsənovun, Nehrəm qəsəbə 3 saylı tam orta məktəbinin direktoru Tahir Əlirzayevin mövzu ətrafında çıxışları dinlənilmişdir.

 Tədbirin sonunda film nümayiş olundu.