“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, sonra Babək Rayon Mədəniyyət Sarayında “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar hazırlanmış sərgiyə baxış olub və “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir davam edib.

 

 

Tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Tədbiri giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək: “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” söyləmişdi və İlham Əliyevi siyasi varis elan etmişdi. 17 il sonra isə 2020-ci il cənab Prezident İlham Əliyev Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi. Ali Baş Komandan cənab İlham Əliyev işğalçı Ermənistanın atəşkəsi pozaraq Azərbaycan torpaqlarına olan təcavüzünə qarşı milli orduya əks hücuma keçmə əmrini verdi. Rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi.

Ordumuzun sentyabrın 27-də Qa­rabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndin işğaldan azad edildiyi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qu­badlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəkliyin yağılardan təmizləndiyini vurğulamışdır.

Tədbirdə şəhidi anası Fatma Şükürlünün və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin rəisi Hafiz Nəcəfovun mövzu ətrafında çıxışları dinlənilib.