Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Mayın 10-da Babək Rayon Mədəniyyət Sarayında müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, YAP Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
 
Tədbir iştirakçıları öncə Babək Rayonunun Mərkəzi Meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Babək Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
 
Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən danışaraq bildirib ki, dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu, xilaskar dövlət xadimi və xalq məhəbbətini qazanan lider kimi yaddaşlarda əbədi iz qoymuşdur. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub. Bu siyasətin dövlət başçısımız Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və Ali Baş Komandanın qətiyyətli iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən Müharibəsində erməni işğalına son qoyulduğunu vurğulayıb.
 
Sonra Ali Məclisin deputatı Hüseyin Niftəliyev çıxış etmiş, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğunu bildirərək onun dövlətçilik səlnaməsində yaratdığı irsin öyrənilməsi üçün hələ uzun illər zamana ehtiyac olduğunu qeyd etmişdir. Sonra Babək Rayon Gənclər və İdman İdarəsinin müdiri Elvin Əliyev çıxış etmiş, Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən və onun Azərbaycan xalqına verdiyi töhfələrdən danışmışdır. Daha sonra Zeynəddin kənd tam orta məktəbinin şagirdi Nəzrin Məmmədova çıxış etmiş Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə verdiyi önəmi diqqətə çatdırmışdır.